“Bu gün vaktim kısıtlı, yarın 12-den sonra bekliyorum”, - həkim deyir.
Səhər saat 11-də telefonuma zəng gəlir, artıq xəstəxanada olduğunu bildirir.
Türkiyənin məşhur həkimi, ixtisasca ortoped-travmotoloq olan professor Məhmət Binnətin olduqca zəngin tərcümeyi-halı var.
Ankara Universitetinin Tibb fakültəsinin məzunu olan M.Binnət Noksvilldə Haslam Biznes Kollecində magistr təhsili alıb. Daha sonra Hyustonda, Birminhemdə, Yutada, Nyu-Yorkda, Stokholmda və digər şəhərlərdəki məşhur klinikalarda müşahidəçi həkim kimi çalışıb. Özünüinkişaf yolundan dönməyən həkim hələ də bir sıra mühüm ixtisaslaşma təlimlərinə qatılmağa davam edir.
O, yalnız Türkiyə deyil, ölkə xaricindədə bir sıra mühüm xəstəxana və qurumlarda xidmət edib. Acıbadem Sağlamlıq Qrupu Ankara Xəstəxanasında, Ankara Universitetinin Tibb fakültəsində, İbn Sina xəstəxanasında, Pittsburq Universitetində və s. nüfuzlu yerlərdə müxtəlif illərdə tədqiqatçı, müəllim, həkim və ya şöbə rəhbəri olub. Bununla yanaşı, M.Binnət bir neçə il həm də Bakıda Mərkəzi Klinikada ortopediya və travmatologiya üzrə məsləhətçi həkim kimi fəaliyyət göstərib.
O, FIFA və UEFA kimi beynəlxalq idman qurumlarında da vəzifələr tutub.
“ANAMLA ATAMA NİŞAN ÜZÜYÜNÜ RƏSULZADƏ TAXIB”
- Məhmət bəy, bilirik ki, Azərbaycan əsillisiniz. İstərdik ki, bir qədər Azərbaycanla olan bağlarınızdan, həyat hekayənizdən bəhs edəsiniz.
- Babam gəncəli, nənəm şamaxılıdır. Ona görə də mən hər zaman deyirəm ki, qaçqın uşağıyam. Bu, həqiqətən belədir. Anamın valideynləri I Dünya müharibəsinin başladığı illərdə Türkiyəyə köçüb. Atam isə II Dünya müharibəsindən sonra Türkiyəyə gələnlərdəndir. Atası 1941-ci ildə Tibb Universitetini bitirib. O vaxt II Dünya müharibəsi davam edirdi.Atamı da digər tələbələrlə birlikdə toplayıb müharibəyə aparırlar. Müharibədə onlar əsir düşür. Əsirlikdə ixtisası olanlardan başqa hər kəsi öldürürlər. Atam və tələbə yoldaşları həkim olduğu üçün onlara toxunmurlar. Atam müharibədən sonra bir müddət Almaniyada yaşayır. 1953-cü ildə İsmət İnönü bir qanun imzalayır. Deyir ki, dünyada nə qədər türk əsilli varsa, gəlsin, biz onlara pasport verəcəyik. Bu qərarı eşidəndən sonra Almaniyadakı bir qrup türk həkim Türkiyəyə gəlir və burada məskunlaşırlar.
Türkiyənin tanınmış həkimi, əslən Azərbaycandan olan Mehmet Binnet videosu için tıklayınız.
Maraqlısı budur ki, onları burada qarşılayan komanda da yenə köhnə azərbaycanlılar olur - I Dünya müharibəsi illərində Türkiyəyə gələnlər. O komandada mənim anamın atası və Məhəmməd Əmin Rəsulzadə də olub. Ondan sonra köhnə və yeni gələn azərbaycanlılar arasında sıx münasibət yaranır. O dövrdə də Türkiyə Cümhuriyyətinin həkimə ehtiyacı vardı. Çünki həmin dövrdə oxumuş adam, demək olar ki, yox idi. Elə buna görə də Türkiyəyə gələn 10 nəfər qısa müddətdə Cümhuriyyətin məşhur həkimlərinə çevrilirlər. Köhnə azərbaycanlılarla qohumluq əlaqələri yaranır. O gənclər arasında subay olanlar vardı və köhnə azərbaycanlılar öz qızlarını onlara ərə verir. Beləliklə, aradakı əlaqələr daha da möhkəmlənir. O vaxt evlənən cütlüklərdən biri də atamla anam olur. Onların nişan üzüyünü isə Məhəmməd Əmin Rəsulzadə taxır. Toylarında da nikah şahidləri olur. Belə bir maraqlı hekayəsi var anamla atamın.
- Nə mənada dəyişib?
- Mənə görə, ən böyük səhvlərdən biri Türkiyədən Azərbaycana, Azərbaycandan da Türkiyəyə doğru insanların gəlməməsi oldu. Söhbət ikinci, üçüncü nəsildən gedir. 90-cı illərdə Azərbaycana qohumlarımı tapmağa gələndə avtobusla Gəncəyə gedirdim. Türkiyədən gəldiyimi biləndə sərnişinlərdən biri sürücüyə İbrahim Tatlısəsin kasetini verib dedi ki, bunu qoy, dinləyək. Mən sürücüyə dedim, sizin gözəl musiqiləriniz, sənətçiləriniz var: Zeynəblər, Bülbüllər Şövkətlər... Onları qoy, dinləyək, mənə nə var İbrahim Tatlısəsdən? Mən Azərbaycandayam. Məndən soruşdular ki, sən kimsən, nə işlə məşğulsan? Dedim, ayaqqabısatanam, burada mağaza açılıb,gəlmişəm işləməyə. Bax, həmin adamlar Türkiyəyə gəldi sonralar və orada düz işlər görmədilər. O ərəfədə bir neçə xoşagəlməz evliliklər oldu. Əvvəldə əlaqələr doğru, sağlam şəkildə qurulsa da, təəssüf ki, sonra bu şəkildə davam etmədi”.
Bir binanın önünə gəldik. Gedib qapını döydülər, bir bəy açdı. Salam verdilər, dedilər ki, Məhməti gətirdik. Ağsaqqal bir kişi idi. Dedi, Məhmət, vətəninə, torpağına xoş gəldin! Həmin adam Gəncənin icra başçısı idi. İçəri girdim, gördüm möhtəşəm bir süfrə qurulub və millət oturub məni gözləyir. Həmin gün nə qədər yeyib-içdik. Atamın əmisi qızı vardı– Gülarə, axşam məni onlara apardılar. Qəribə hisslər idi. Gülarə bibimin övladı yox idi, həyat yoldaşı ilə ikisi yaşayırdı. Bütün qohumlar gəldi ki, məni qonaq aparsınlar, onlarda qalım, amma dedim, mən burada – balaca şəraitsiz daxmada qalacağam. Orada da qaldım. Qohumlarımın hamısı ilə görüşdüm. Ona qədər cəmi bir-iki qohumumu tanıyırdım.
- Karyeramı Ankara Universitetindən başladım. Amma bir il sonra İsveçrəyə, Sürix şəhərinə getdim. Sürixdə 6 ay işlədikdən sonra oradakı baş asistanlarım mənə dedilər ki, Türkiyədə qəzalar çox olur, sən gettravmatologiyanı öyrən. Harada öyrənə biləcəyimi soruşdum? Dedilər, Bazel şəhərinə get. Oradan Bazel Universitetinə keçdim. Uzun müddət orada qaldıqdan sonra müəllimlərim Türkiyəyə qayıtmağım üçün israr etdi. Türkiyədə ixtisasımı tamamladım. Hərbi xidmətə getdim. Qayıtdıqdan sonra yenidən Türkiyədən ayrıldım. Bazelə getdim və orada diz oynağının travamotologiyası üzrə çalışmağa başladım. Bazel Universitetində bu sahədə möhtəşəm bir mütəxəssis var idi - professor Müller. Bu yaxınlarda 90 yaşını tamamlayacaq. Çox böyük müəllimdir. 1986-cı ili orada keçirdim. Sonra mənə məsləhət gördülər ki, çiyin travmatologiyasını öyrənim. 90-cı illərdə müəllimlərim yenə mənə Türkiyəyə qayıtmağı məsləhət gördülər və məni artıq Türkiyənin futbol üzrə milli komandasının baş həkimi kimi dəvət edirdilər. 20 il türk milli yığma komandasının baş həkimi oldum. 90-cı illərin əvvəllərində yenə icazə istədim və Amerikaya getdim. Əvvəlcə 6 ay Nyu-Yorkda Kornell Universitetində çalışdım. Həmin vaxt mən Nyu-Cersidə atamla eyni qrupda oxuyan Sultan Hacıbəyovun evində qalırdım. Onun həyat yoldaşı Asiya xala mənə Sultan əminin evində bir otaq verdi, 6 ay orada yaşadım.
1994-cü ildə artıq yenidən və birdəfəlik Türkiyəyə qayıtdım. Professor oldum, sonra Ankara Universitetində, Türkiyə milli komandasında işləməyə başladım. Türkiyə Cümhuriyyətinin son 5 Prezidentindən 4-nün ailə həkimi olmuşam. Hamısının birinci dərəcəli ailə üzvlərini ya müalicə etmişəm, ya əməliyyat. Bir çox naziri müalicə etmişəm. Hazırda Türkiyənin beş yaxşı ortopediya həkimi desələr, mənim adımı da çəkərlər. Ankara Tibb fakültəsində hazırda məndən yaşlı bircə ortopediya həkimi var, o da qarabağlıdır - 82 yaşlı professor doktor İlkər Çətin.
Onu da qeyd edim ki, bu coğrafiyada UEFA-ya seçilən həkim təkcə mən oldum. Oraya seçiləndə dedim ki, mən Türkiyəni təmsil etsəm də, köküm azərbaycanlıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra futbol federasiyası quruldu və ilk oyununu Türkiyədə, Trabzonda oynadı. UEFA nə etdi, bilirsiniz? Oyunun səhiyyə nəzarətçisi olaraq mənitəyin etdi. Mən formamı geyindim, təyyarəyə minib Trabzona getdim. Təyyarədə biznes-klasda oturmuşduq. Önümdə iki nəfər vardı. Salamlaşdıq. O adam AFFA-nın sədri Fuad Musayev idi. Yanındakı da katibi, keçmiş qapıçı Çingiz. Dedim, mən də professor doktor Məhmət Binnət,bu oyunun səhiyyə nəzarətçisiyəm, əslim də azərbaycanlıdır. Onlar çox təəccüblənmişdilər.
Azərbaycan milli futbol komandasının bir gənc oyunçusu vardı. Adını indi xatırlaya bilmirəm. Diz qapağı çox ağır zədələnmişdi. Bir neçə ölkəyə aparmışdılar, heç bir həkim əməliyyatı boynuna götürmədi. Boris Xetequrov onu götürüb Türkiyəyə gətirdi. AFFA-nın sədri mənə zəng vurub dedi ki, nə olar, bu uşağı düzəlt. 7 saat çəkdi əməliyyatı. Bütün diz bağlarını bərpa etdim. Ayağını yerə basıb qaçmağa başlayanda göndərdim. O gənc sonra Azərbaycan millisinin kapitanı oldu. Daha sonra “Kocaelispor”a transfer oldu. Çox yaxşı oyunçu idi.
- Türkiyəyə ixsitsaslaşmaq üçün sizin yanınıza gələn həkimlər də olur yəqin. Onlarda nə çatışmır?
- Azərbaycanda məşhur olandan sonra Türkiyəyə mənim çalışdığım klinikaya bir çox azərbaycanlı həkim gəldi. Adlarını çəkməyəcəyəm. Hər gün klinikada 20-30 əməliyyat olurdu. Mən də edirdim, digər həmkarlarım da edirdi. Bunlar nə edirdilər? Girib hər əməliyyata bir saat baxırdılar, sonra Azərbaycana geri qayıdırdılar. Biz buna cahil cəsarəti deyirik. Heç bir şey bilmirdilər. Hətta orada bir çox xoşagəlməz şeylər etdilər. Mən səfirlikdə bu işlərə nəzarət edən Nəcibə Nəsibovaya zəng vurdum və şərt qoydum. Dedim,5 il burda qalmayacaqlarsa, bundan sonra ortopediya klinikasına heç kim gəlməsin. Azərbaycandan gələn həkimlərin başımın üstündə yeri var, amma bir şərtlə: 5 il burada çalışacaqlar. Ondan sonra gedə bilərlər.
Bu tələbim nəticə verdi. Hazırda bizim klinikada, Ankara Universitetində 10-a yaxın azərbaycanlı tələbə ixtisas artırır. Bu çox önəmlidir.
AZƏRBAYCANLI HƏKİMLƏR XARİCİLƏRİ NECƏ KÖLGƏDƏ QOYDU?
- Azərbaycanlı həkimlərə tövsiyəniz nədir. Daha da uğurlu olmaq üçün nə etsinlər?
- Bu sualı mənə illər əvvəl bir azərbaycanlı kardioloq verdi. Soruşdu ki, Məhmət abi, biz nə edəcəyik burada? Sovet dövründən qalan azərbaycanlı həkimlərlə problem yaşayırıq. Avropadan həkim gətirmək istəyirlər. Belçikalı, hollandiyalı həkimlər var onlar arasında. Biz onlarla necə rəqabət aparacağıq?
Mən də güldüm, dedim, heç narahat olmayın, siz düz işləyin. Birini pis edəcəksiniz, amma əmin olun ki, 4-nü yaxşı edəcəksiniz.Öyrənəcəksiniz bu işi. Aradan illər keçəcək, siz elə bir təcrübəyə çatacaqsınız ki, gələn həkimlər artıq sizinlə rəqabətə girməyə çəkinəcəklər. Güldülər, dedilər, belə şey ola bilərmi? İllər keçdi, yenidən bir araya gəldik. Mənə verdikləri sualı xatırlatdım, soruşdum ki, vəziyyət necədir? Dedilər, siz çox düz demişdiniz. Mənim Azərbaycandakı həkimlərə, həkim olmaq yolunda irəliləyən gənclərə yalnız bir tövsiyəm var: düz işləsinlər!
Elçin Zahiroğlu
Ankara